şənbə 7 noyabr 2026 - 10:56
ABŞ-də keçirilən aralıq seçkilərin nəticələri Tramp və onun partiyası üçün aşkar siyasi məğlubiyyətdir

Hövzə l Livan Müsəlman Alimlər Birliyi ABŞ-də keçirilən aralıq seçkilərin nəticələri ilə bağlı yaydığı bəyanatda bu nəticələri ABŞ Prezidenti Donald Tramp və onun partiyası üçün aşkar siyasi məğlubiyyət kimi qiymətləndirib və vurğulayıb ki, seçkilərin nəticələri Trampın yürütdüyü siyasətə qarşı xalq etirazının geniş miqyas aldığını nümayiş etdirir.

Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata görə, Livan Müsəlman Alimləri Assambleyası ABŞ-də keçirilən aralıq seçkilərinin nəticələri ilə bağlı yaydığı bəyanatda Demokratlar Partiyasının Nümayəndələr Palatası və Senatda qələbə qazanması ilə nəticələnən bu seçkiləri ABŞ Prezidenti Donald Tramp və onun partiyası üçün açıq siyasi məğlubiyyət kimi qiymətləndirib və vurğulayıb ki, bu nəticələr Trampın ölkənin idarə olunmasında və onun dünya ilə münasibətlərində tutduğu mövqeyə qarşı xalq etirazının geniş miqyas aldığını nümayiş etdirir.

Amerikalı seçicilər Trampa yox deməklə müharibə və hədə-qorxu siyasətini rədd etdilər

Assambleya bu nəticələri təhdid və şantaj vasitələrindən həddindən artıq istifadə edən, müharibələri öz iradəsini xalqlara qəbul etdirmək vasitəsi kimi tətbiq edən, eyni zamanda bu müharibələrin doğurduğu humanitar fəlakətlərə və vətəndaşların üzərinə düşən iqtisadi yükə əhəmiyyət verməyən hökumətə ünvanlanmış son dərəcə mənalı bir mesaj kimi dəyərləndirib.

Bəyanatda bildirilib ki, Trampa dəstəyin azalması hərbi gücün nümayiş etdirilməsinin uğursuz siyasətlərin nəticələrini əbədi olaraq gizlədə bilməyəcəyini bir daha təsdiqləyir. Xalqlar öz hakimiyyətlərindən təhlükəsizlik, sabitlik və həyat şəraitinin yaxşılaşdırılmasını tələb edir, dövlətin imkanları xarici avantüralara sərf edildikdə isə hakimiyyət nümayəndələrindən bunun hesabını soruşurlar. Bu baxımdan, seçkilərin nəticələri qarşıdurmaların qızışdırılmasında rol oynamış, sionist düşmənin Livan və Fələstinə qarşı təcavüzünü davam etdirməsi üçün zəruri siyasi və hərbi himayəni təmin etmiş ABŞ siyasətinə ciddi şəkildə yenidən baxılmasını zəruri edir.

Livan Müsəlman Alimləri Assambleyası Respublikaçılar Partiyasının Konqresin hər iki palatasında çoxluğu əldə edə bilməməsini Trampın siyasətinə qarşı xalqın genişmiqyaslı etirazı, eləcə də onun ABŞ-ni və dünyanı daha çox müharibə və böhranlara sürükləmək üçün mütləq səlahiyyətə malik olması barədə iddialarının iflasa uğraması kimi qiymətləndirib. Assambleya ABŞ hökumətini seçicilərin mesajına hörmətlə yanaşmağa və bu mesajı gərginliyin artırılması və digər ölkələrin daxili işlərinə müdaxilə siyasətinə real yenidən baxılması istiqamətində konkret addımlara çevirməyə çağırıb.

İran İslam Şurası Məclisinin sədrinin Amerika xalqının müharibə əleyhinə mesajı ilə bağlı mövqeyinə dəstək

Assambleya İran İslam Respublikasının İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibafın Amerika xalqının müharibəyə yox dediyi barədə mövqeyini dəstəkləyib və vurğulayıb ki, bu mövqe xalqların müharibədən uzaq durmaq, insan həyatını qorumaq, mövcud imkanları inkişaf və ləyaqətli həyatın təmin edilməsinə yönəltmək istiqamətindəki ortaq maraqlarını ifadə edir. Assambleya, həmçinin qeyd edib ki, müharibəyə qarşı çıxmaq ölkələrin suverenliyinə və xalqların hüquqlarına hörmətlə yanaşılması, eləcə də sabitliyə doğru istənilən ciddi təşəbbüsə mane olan təhdid və təzyiqlərin dayandırılması ilə müşayiət olunmalıdır.

Livan Müsəlman Alimləri Assambleyası vurğulayıb ki, ABŞ-ın siyasətinə münasibətdə onun mövqeyi təcavüzə, hegemonluğa və işğalçılığa dəstəyə qarşı çıxmaq prinsipindən qaynaqlanır. Assambleya ABŞ daxilində müharibəyə qarşı çıxan, ədaləti və xalqların hüquqlarını müdafiə edən hər bir səsə müsbət yanaşır və hesab edir ki, bu səslərin güclənməsi Amerika təsisatlarının onları dinləmək, dövlətin imkanlarının müharibə layihələri və işğalçı dövlətin maraqları naminə səfərbər edilməsinə son qoymaq məsuliyyətini artırır.

Demokratlar sionistlərin cinayətlərinə dəstəyi dayandırmalı və təcavüzkar siyasətə son qoymalıdırlar

Bəyanatda diqqətə çatdırılıb ki, Demokratlar Partiyasının çoxluğu əldə etməsi bu partiyanı siyasi və mənəvi məsuliyyət qarşısında qoyur və həmin məsuliyyət onların qərar və əməlləri ilə qiymətləndiriləcək. Onlardan təcavüzkar siyasətin qarşısının alınması, sionist təcavüzünə göstərilən dəstəyin və bu təcavüzə yaradılan siyasi himayənin dayandırılması, insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan şəxslərin cavab verməsinin təmin edilməsi istiqamətində konkret addımlar atmaq tələb olunur.

Çünki insan hüquqları ilə bağlı istənilən bəyanatın səmimiliyi, ilk növbədə, bu hüquqların Fələstin xalqına münasibətdə tətbiq olunmasından, Livanın və regionun digər ölkələrinin suverenliyinə və təhlükəsizliyinə hörmət edilməsindən başlayır.

Livan Müsəlman Alimləri Assambleyası vurğulayıb ki, Vaşinqtona çatdırılmalı olan mesaj aydındır: Xalqlar həyat və təhlükəsizlik istəyir, müharibə hesablamalarının və silah alverçilərinin maraqlarının girovuna çevrilməkdən imtina edirlər. ABŞ hökuməti baş verənlərdən nəticə çıxarmalıdır. Çünki regionda sabitlik işğalçılığa və təcavüzə son qoyulması, xalqların hüquqlarına hörmət edilməsi ilə təmin oluna bilər. Bu həqiqətin israrla görməzdən gəlinməsi isə böhranları daha da dərinləşdirəcək və onların hər kəs üçün doğurduğu xərcləri artıracaq.

 

ABŞ-də keçirilən aralıq seçkilərin nəticələri Tramp və onun partiyası üçün aşkar siyasi məğlubiyyətdir

Livan Müsəlman Alimləri Assambleyası

Rəyiniz

You are replying to: .
captcha